D-Dimer analizi nə üçün lazımdır?

D-dimer laborator analizi nədir?

D-dimer laborator testi qanda d-dimer səviyyəsini təyin edir. D-dimer isə insan orqanizmində yaranmış qan laxtasının dağılması və ya parçalanması zamanı yaranan bir protein fraqmentidir.

D-dimer normalda qanda ya aşkar edilmir, ya da çox az miqdarda müəyyən edilə bilər. Lakin, orqanizmdə qan laxtaları yaranır və dağılmağa məruz qaldıqda, qanda d-dimer səviyyəsi yüksəlmiş olur. 

Mütləq olmasa da, pozitiv və ya yüksəlmiş D-dimer test nəticəsi qanın laxtalanmasına səbəb olan hər hansı bir vəziyyətin olduğundan xəbər verir.

Qanın laxtalanması sistemi necə işləyir?

Normal işlədikdə qanın laxtalanması sistemi çox önəmlidir, çünki zədələndikdə və ya digər səbəbdən qanaxma baş verdikdə, onun dayanmasına və çox qan itkisinin qarşısını almağa kömək edir. Vücudunuzdakı bir qan damarı və ya toxuma zədələndikdə və qanadıqda, orqanizminiz qan itkisini məhdudlaşdırmaq və nəticədə qanaxmanı dayandırmaq üçün qan laxtası yaratmaq üçün hemostaz adlanan bir prosesi işə salır.

Hemostaz prosesi zamanı vücudunuz xüsusi bir zülaldan fibrin adlanan liflər əmələ gətirir və bu fibrin lifləri birləşərək fibrin toru yaradır. Həmin tor, trombositlər adlanan hüceyrələrlə birgə, yara sağalana qədər meydana gələn qan laxtasını yara yerində möhkəmlənməsinə kömək edir. Bu qan laxtaları dərinizdə qabıqlar və ya dəri altında qançırlar kimi görünə bilər.

Zədələnmə və ya travma aradan qalxdıqda və ya yara tam sağaldıqdan sonra isə bədəninizin artıq qan laxtasına ehtiyacı olmur. Həmin laxtanı xaric etmək üçün orqanizminiz onu kiçik hissəciklərə parçalamaq üçün xüsusi ferment - plazmin - sekresiya edir. Həmin kiçik fraqmentlər “fibrinin parçalanması məhsulları” adlanır. D-dimer məhz bu fibrin parçalanması məhsullarından biridir.

Əgər sizdə qan laxtalanması problemi varsa, qan laxtaları sizdə zədələnmə və ya qanaxma olmadıqda yarana bilər və/yaxud parçalanması tələb olunan hallarda parçalanmaya və xaric olmaya da bilər. Başqa sözlə, orqanizmin qan laxtalanması sistemi tələb olunduğu kimi işləmir. Qanın laxtalanması ilə bağlı problemlər bir çox hallarda ciddi və həyat üçün təhlükə yarada bilər.

Qanınızda yüksək D-dimer səviyyəsinin olması qanın laxtalanması ilə bağlı pozuntuların əlaməti ola bilər, çünki bədəninizdə qan laxtalarının əhəmiyyətli dərəcədə əmələ gəlməsi və parçalanması səbəbilə qanda D-dimerin səviyyəsi çox yüksələ bilər.

D-dimer testi nə üçün istifadə olunur?

Qanın laxtalanması ilə bağlı pozuntuların və ya klinik problemlərin olub olmadığını müəyyən etmək üçün tibb işçiləri çox zaman D-dimer laborator testindən istifadə edirlər. Həmin testin təyini üçün aşağıdakı göstərişlər istifadə edilə bilər:

  • Dərin venaların trombozu (DVT və ya venoz tromboz): Dərin venaların trombozu bədəninizin dərin yerləşən venoz damarında əmələ gələn qan laxtasıdır. Qan laxtası yarandıqda damarın qismən və ya tam tıxanmasına səbəb ola və qan axınını əngəlləyə bilər. Əksər DVT-lər aşağı ətraflarda, adətən bud, baldır və ya çanaqda baş verir. Eyni zamanda venoz trombozlar həmçinin bədənin digər yerlərində, məsələn, yuxarı ətraflarda, beyndə, bağırsaqlarda, qaraciyər və böyrək damarlarında da baş verə bilər.
  • Ağciyər emboliyası (PE): Ağciyər emboliyası, bədəninizin başqa bir hissəsində (çox vaxt aşağı və yuxarı ətraflarda) yaranan qan laxtasının qan dövranı ilə ağciyər damarlarına daşınaraq burada tıxanıqlıq yaratmasıdır.
  • Yayılmış damardaxili laxtalanma (YDL): YDL zamanı bədəninizdə çoxlu sayda qan laxtaları əmələ gəlir ki, bu da orqan zədələnməsinə və digər ciddi fəsadlara səbəb ola bilər. YDL-nin diaqnostikası ilə yanaşı qanda D-dimerin təyini həmçinin aparılan müalicənin effektivliyini dəyərləndirməyə imkan verir.
  • İnsult: İnsult və ya "beyin infarktı” beyninizdəki qan damarı tıxandıqda və ya cırıldıqda (qanaxma) baş verir.

Niyə D-dimer analizinə ehtiyacım var?

Qanın laxtalanması prosesinin pozulmasına dəlalət edən hər hansı  simptomlar olduqda, həkiminiz D-dimer testini təyin edə bilər. Həmin hallara aiddir:

  • Dərin venaların trombozu (DVT).
  • Ağciyər emboliyası (PE).
  • Yayılmış damardaxili laxtalanma (YDL).
  • İnsult.

D-dimer testi adətən tibb işçiləri tərəfindən xəstənin təcili yardım şöbəsində və ya xəstəxanaya hospitalizasiyası zamanı təyin edir.

Dərin venaların trombozu (DVT)

DVT adətən ayaqlarınızdan və ya qollarınızdan birində əmələ gəlir. Heç də bütün DVT olan xəstələrdə simptomlar olmur, lakin simptomlar inkişaf etdikdə aşağıdakıları tez-tez rast gəlinir:

  • Bəzən hətta qəflətən, inkişaf edən aşağı və ya yuxarı ətrafda ödem (şişkinlik).
  • Çox vaxt yalnız ayaq üstə duranda və ya yeriyərkən ayaqlarda baş verə bilən ağrı və ya həssaslıq.
  • Ayağınızın və ya qolunuzun şişmiş və ya ağrıyan bölgəsində istilik.
  • Qırmızı və ya rəngi dəyişmiş dəri.
  • Dəri səthinə yaxın yerləşən damarların normaldan daha böyük olması.

Əgər sizdə DVT-nin əlamətləri və simptomları varsa və siz hazırda tibb müəssisəsində deyilsinizsə, mütləq vaxt itirmədən həkiminizlə və ya TTY ilə əlaqə sağlayın.

Ağciyər emboliyası (PE)

Ağciyər emboliyasının simptomlarına aşağıdakılar daxildir:

  • Qəflətən yaranan nəfəs darlığı (dispnoye) və ya təngənəfəslik.
  • Öskürərkən və ya hərəkət edərkən tez-tez baş verən kəskin sinə ağrısı.
  • Bel və ya kürək nahiyəsində ağrı.
  • Öskürək (bəzən qanlı tüpürcəklə və ya bəlğəmlə).
  • Aşırı tərləmə.
  • Tezləşmiş ürək vurğuları (taxikardiya).
  • Başgicəllənmə və ya bayılma (huşun qısamüddətli itməsi).

Əgər sizdə ağciyər emboliyası əlamətləri varsa, 103-ə və ya təcili tibbi yardım xidmətinə zəng edin və ya ən yaxın təcili tibbi yardım xəstəxanasına müraciət edin.

Yayılmış damardaxili laxtalanma (YDL)

YDL simptomlarına aşağıdakılar daxildir:

  • Diş ətlərinin (damaqların) qanaması.
  • Ürəkbulanma və/və ya qusma.
  • Şiddətli əzələ ağrısı və qarın ağrısı.
  • Qıcolmalar.
  • Normaldan daha az sidiyəgetmə.

Əgər sizə YDL diaqnozu qoyulubsa, həkiminiz müalicənizin yaxşı getdiyinə əmin olmaq üçün müntəzəm olaraq D-dimer analizi təyin edə bilər.

Insult

Beyin insultu simptomlarına aşağıdakılar daxildir:

  • Üzünüzdə, qolunuzda və ya ayağınızda, xüsusən də bədənin yalnız bir tərəfində qəfil uyuşma və ya zəiflik.
  • Ani çaşqınlıq, danışmada çətinlik, nitq pozuntusu və ya birinin dediyini anlamaqda çətinlik.
  • Gözlərinizin birində və ya hər ikisində görmədə qəfil çətinlik və ya pisləşmə.
  • Qəfil yeriməkdə çətinlik.
  • Ani inkişaf edən başgicəllənmə, tarazlığın itirilməsi və ya koordinasiya bacarığının pisləşməsi.
  • Səbəbi bilinməyən qəfil şiddətli baş ağrısı.

Əgər sizdə və ya başqası birində yuxarıda qeyd olunmuş insulta xas  əlamətlər və simptomlar olarsa, təcili olaraq 103-ə zəng edin və ya mümkün qədər tez ən yaxın xəstəxanaya müraciət edin.

D-dimer testini kim təyin edir?

D-dimeri təyin etmək üçün tibb bacısı və ya digər təlim keçmiş tibb işçisi venadan qan nümunəsi götürür və bu nümunələr laboratoriyaya göndərilir. Laboratoriyada analizator adlanan laborator cihazlarda d-dimer testi həyata geçirilir və nəticə əldə olunur.

ANALİZƏ DAİR TƏFƏRRÜATLAR

D-dimer testinə necə hazırlaşa bilərəm?

D-dimer testinə hazırlaşmaq üçün xüsusi bir şeyə ehtiyac yoxdur.

D-dimer test zamanı nəyi gözləməliyəm?

D-dimer testi qan analizidir. Qan analizi və ya qan götürmə zamanı aşağıdakıları gözləyə bilərsiniz:

  • Siz kresloda oturacaqsınız və ya tibbi çarpayıda uzanacaqsınız və tibb işçisi asanlıqla çıxış əldə edilə bilən venoz damarın olub olmadığını yoxlayacaq. Adətən venadaxili inyeksiya üçün dirsək çuxurunda olan venalar istifadə olunur. Onlar böyük ölçülü və yerini az dəyişəndirlər.
  • Təyin edilmiş, daha yaxşı dolğunluqda olan vena əllənir, spirtli steril salfetlə iynə vurulacaq nahiyə əvvəlcə geniş, daha sonra isə bilavasitə iynə vurulacaq yer aşağıdan yuxarıya doğru silinir. 
  • İynə ilə venaya düşdükdən sonra qan nümunəsi götürülür.
  • Götürülmüş qan nümunəsi laborator test borusuna toplanır. Adətən analizlər üçün 5 ml həcmdə qanın götürülməsi kifayətdir.
  • Qan nümunəsi götürüldükdən sonra iynə xaric edilir və qanaxmanı dayandırmaq üçün iynənin batırıldığı yer pambıq və ya cuna ilə sıxılır.
  • Qan götürülmə yerinə sarğı qoyulur və analiz tamamlanır.

Bütün proses adətən beş dəqiqədən az çəkir.

D-dimer analizindən sonra nə gözləməliyəm?

Bir tibb işçisi qan nümunənizi topladıqdan sonra onu analiz üçün laboratoriyaya göndərəcəklər. Test nəticələri geri qayıtdıqdan sonra həkiminiz nəticələri sizinlə paylaşacaq və müzakirə edəcəkdir.

D-dimer testinin riskləri nələrdir?

Qan analizləri tibbi müayinənin çox yayılmış və vacib hissəsidir. Qan analizləri çox az riskli bir müdaxilədir və fəsadlaşma riski çox aşağıdır. Qanalma yerində yüngül ağır və ya qançırlar yarana bilər, lakin bunlar, adətən qısa zamanda aradan qalxmış olur.

NƏTİCƏLƏR VƏ TƏQİB

D-dimer testinin nəticələri nə deməkdir?

D-dimer testinin nəticələri də daxil olmaqla qan analizlərinin nəticələri adətən aşağıdakıları təmsil edir:

  • Qan analizinin adı və ya qanda nə təyin olunurdusa onun adı.
  • Qan analizinin nəticəsi və ya ölçüsü.
  • Həmin analizin nəticələrinin normal diapazonu.
  • Analiz nəticənizin normal və ya qeyri-normal, yüksək və ya aşağı və ya müsbət və ya mənfi olduğunu göstərən məlumat.

Normal D-dimer testinin nəticəsi nədir?

Qanınızdakı D-dimer səviyyəsini yoxlamaq üçün bir neçə fərqli üsul var, buna görə də universal "norma" diapazonu yoxdur. Laboratoriya nəticələri D-dimerin qanda səviyyəsinin normal, aşağı və ya yüksək və ya müsbət və ya mənfi olduğunu göstərə bilər.

Laboratoriya nəticələrində qanda D-Dimerin səviyyəsinin aşağı, mənfi və ya normal olduğu aşkar edərsə, bu, çox güman ki, sizdə laxtalanma proseslərinin pozulmasından xəbər verir.

Əgər sizə yayılmış damardaxili laxtalanma (YDL) diaqnozu qoyulubsa və müalicə olunursunuzsa, qanınızdakı D-dimer səviyyəsinin normal və ya aşağı olması, çox güman ki, müalicənizin yaxşı getdiyini göstərir.

D-dimer səviyyəsinin yüksək olması nə deməkdir?

Laborator nəticələr qanda D-dimerin normadan yüksək olduğunu aşkar edərsə, bu, sizdə laxtalanma probleminin olduğunu göstərə bilər. D-dimer testi, laxtalanma probleminin növünü və ya qan laxtasının (lar) bədənin hansı hissəsində olduğunu müəyyən etməyə imkan vermir.

Əgər sizə yayılmış damardaxili laxtalanma (YDL) diaqnozu qoyulubsa və müalicəniz davam etdirilirsə, qanda D-dimer səviyyəsinin yüksək olması çox güman ki, müalicənizin yaxşı nəticə vermədiyini göstərir.

Qanın laxtalanması prosesində pozuntular olmadıqda da qanda D-dimer  səviyyəsi yüksək ola bilər. D-dimerin normadan yüksək səviyyədə olması aşağıdakı hallarda da mümkündür:

  • Hamiləlik.
  • Ürək xəstəliyi.
  • Yaxınlarda keçirilmiş cərrahi əməliyyat.
  • Travma.
  • İnfeksiya.

D-dimer səviyyəsi həmçinin yaşlı insanlarda yüksəlməyə meyllidir və revmatik artriti olan şəxslərdə yanlış müsbət nəticələr verə bilər.

Laborator analizdə D-dimer səviyyəsi qeyri-normal olarsa, həkiminiz, ehtimal ki, diaqnozu müəyyən etmək üçün əlavə qan analizləri və/və ya radioloji görüntüləmə təyin edəcək.

D-dimer analizinin nəticələri nə vaxt bilinəcək?

Əksər hallarda D-dimer analizi təcili hallarda təyin olunur, çünki qan laxtaları həyata təhlükə törədə bilər. Əgər sizdə təcili təxirəsalınmaz hal varsa, bu zaman həkiminiz D-dimer testinin nəticəsini bir neçə saat ərzində əldə edəcəkdir.

Əgər D-dimer testi aparılan müalicənin nəticəsini monitorinq etmək üçün təyin olunubsa, bu halda nəticələr 1-2 gün ərzində sizə bildirilə bilər.

Növbəti addımlar hansılardır?

Əgər D-dimer testinin nəticələri qeyri-normal olarsa, həkiminiz əlavə qan analizləri və ya radioloji müayinələr təyinə bilər. Görüntüləmə testlərinə aşağıdakılar daxildir:

  • Doppler ultrasəs: Bu test üçün damarlarınızın görüntüsünü əldə etmək üçün səs dalğalarından istifadə edilir.
  • Kompüter tomoqrafiyası (KT) angioqrafiyası: Bu görüntüləmə testi üçün tibb işçisi damarlarınızdan birinə xüsusi boya yeridir. Bu, qan damarlarınızın xüsusi bir rentgen aparatında görünməsinə kömək edir.
  • Ağciyərlərin ventilyasiyası-perfuziyası (V/Q) skanlaması: Ağciyər VQ skanlaması ağciyərlərinizdə hava axınını ölçmək üçün ventilyasiya (V) skanlamasından və ağciyərlərinizdə qan axınını görüntüləmək üçün perfuziya (Q) skanlamasından istifadə edir. Hər iki test zamanı havanın və qanın ağciyərlərinizdən axınını görüntüləmək üçün kiçik həcmli və təhlükəsiz miqdarda radioaktiv maddələrdən istifadə edilir.

Həkimə nə vaxt müraciət etmək gərəkdir?

İnsult və ya ağciyər emboliyası əlamətləri olduqda, dərhal 103-ə zəng edin və ya ən qısa müddətdə ən yaxın təcili yardım xəstəxanasına müraciət edin.

Dərin venaların trombozuna aid simptomlarla qarşılaşdıqda, mümkün qədər tez bir zamanda həkimə və ya xəstəxanaya müraciət edin.

TEZ-TEZ SORUŞULAN SUALLAR

Qan laxtalarının yaranmasına təsir edən risk faktorları hansılardır?

Uyğun olmayan və ya qeyri-normal qan laxtalanması hallarının yaranması aşağıdakı risk faktorları ilə bağlı ola bilər:

  • Böyük cərrahi əməliyyat keçirmə və ya travma.
  • Uzun səfərlər zamanı oturaq vəziyyət və ya uzunmüddətli yataq rejimi də daxil olan, uzunmüddətli hərəkətsizlik.
  • Kontraseptiv (hamilə qalmağı əngəlləyən) dərmanların qəbulu və ya hormon əvəzedici terapiya.
  • Hamiləlik və ya yaxınlarda keçirilmiş doğuş.
  • Nəsildə qeyri-normal qan laxtalanması halları və ya faktor V Leiden xəstəliyi, antifosfolipid sindromu və ya polisitemiya vera kimi xəstəliklərin olması.
  • Müəyyən bir onkoloji xəstəlik.
  • Koronavirus xəstəliyi 2019 (COVID-19).
  • Piylənmə.
  • Siqaret çəkmək.

VideoDoktor-dan mühüm qeyd

Qeyri-normal laborator analiz nəticələrini görmək stresli ola bilər. Bilin ki, D-dimer səviyyəsinin normadan yüksək olması heçdə həmişə qan laxtalanması ilə bağlı problemdən xəbər vermir. Laborator nəticələriniz D-dimer səviyyəsinin yüksək olduğunu göstərirsə, həkiminiz, büyük ehtimalla, diaqnozu dəqiqləşdirmək üçün əlavə laborator testlər və ya radioloji müayinələr təyin edəcəkdir. Həkiminizə suallar verməkdən qorxmayın və çəkinməyin, çünki onların amacı sizə yardım etməkdir.

Kateqoriyalar

Arxiv